22/10/2026
ADİİXİ Hİ Respublika Birliyi və Mediasiya Şurası arasında birgə layihəyə start verilib.
20 oktyabr 2026-cı il tarixində Biləsuvar rayonunda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (ADİİXİ Hİ) Respublika Birliyi və Mediasiya Şurasının birgə təşkilatçılığı ilə “Əmək münasibətlərində mübahisələrin həlli” mövzusunda zona seminarı keçirilib.
Seminarda Biləsuvar, Astara, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Neftçala, Salyan, Hacıqabul rayonlarının və Şirvan şəhərinin həmkarlar ittifaqı komitələrindən 124 nümayəndə iştirak edib.
Tədbirdə əmək mübahisələrinin profilaktikası və alternativ (məhkəmədənkənar) yolla həlli, hüquqi maarifləndirmənin artırılması, işçi və işəgötürən arasında sosial dialoqun gücləndirilməsi, kollektiv əmək mübahisələrinin tənzimlənməsi, eləcə də həmkarlar ittifaqları ilə mediasiya qurumları arasında əməkdaşlığın inkişafı məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Ölkə üzrə mediasiya qurumu ilə birgə təşkil edilən ilk belə zona seminarı qarşılıqlı diskussiya və interaktiv dialoq şəraitində başa çatıb.