13/10/2024
EKOLOGİYA, EKOLOJİ PROBLEMLƏR VƏ EKOLOJİ PROBLEMLƏRİN HƏLLİNƏ DAİR DÜŞÜNCƏLƏR
Ekologiya nədir ?
Ekologiya - canlı orqanizmlərlə onları əhatə edən mühit arasında olan qarşılıqlı münasibətlər haqqında elmdir. Ekologiya ifadəsi latın dilindən tərcümədə oykos- ev, daxma və logiya– elm, öyrənmək kəlimələrinin birləşməsindən əmələ gəlmişdir. Bu ifadə ilk dəfə 1866-cı ildə alman bioloqu Ernst Hekkel tərəfindən işlədilmişdir.
Ekologiya, insanın təbiətdə davranışının nəzəri əsaslarını öyrədir, yəni o həyatın özü haqqında elmdir.
Ekoloji problemlər hansılardır?
Son illər ekoloji böhranın yaşanmasında antropogen təsirlərin rolu ən yüksək həddə çatıb ki, bu da özünü anormal iqlim şəraitində, təbii fəlakətlərin artmasında və ərzaq məhsulları istehsalının aşağı düşməsində göstərir.
Bu gün ən mühüm ekoloji problem - ətraf mühitin irimiqyaslı çirklənməsi, yanacağın yandırılması nəticəsində karbon qazının atmosferə buraxılması, sənaye istehsalatı tullantıları ilə suyun və torpağın zəhərlənməsidir.
Dünya əhalisinin sürətlə artması və bu səbəblə istehlakın kəskin artması, qlobal istiləşmə, ozon qatının zədələnməsi, təbii ehtiyatların tükənməsi kimi narahatlıq doğuran məsələlər ətraf mühitlə bağlı düşüncə və fəaliyyətlərə də öz təsirini göstərmişdir.
Dünyanı narahat edən ən böyük problem iqlim dəyişmələri və bunun canlı aləmə mənfi təsiridir. İstixana qazlarının emissiyalarının artması ilə təbii istixanaların təsirinin güclənməsi, yer səthi və atmosferin həddən artıq isinməsinə gətirib çıxarır. İqlim dəyişmələri təbii ekosistemlərə, eləcə də məhsuldarlığa mənfi təsir göstərir ki, bu da bəşəriyyəti aclıq təhlükəsi ilə üz-üzə qoya bilər.
Ekoloji problemləri bu şəkildə sinifləndirə bilərik:
Su hövzələrinin çirklənməsi - su ehtiyatlarının çirklənməsi və su mənbələrinin azalması.
Su ehtiyatları tükənən sərvət olduğundan onun səmərəli idarə olunması çox vacibdir. Su mənbələrinin məhsuldarlığının artırılması üçün, ilk növbədə ətraf ərazilərdəki meşələr daha yaxşı qorunmalı və yeni meşələr salınmalıdır.
Atmosferin çirklənməsi - sənaye müəssisələri və avtonəqliyyatın atmosferi çirkləndirməsi. Atmosfer havasının çirklənməsinin əsas mənbələrindən biri nəqliyyat vasitələrdir. Atmosfer havasının çirklənməsinin qarşısının alınması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədi ilə enerji effektivliyini təkmilləşdirən texnologiyalardan, habelə davamlı enerji mənbələri kimi alternativ enerjidən (külək, günəş, bioqaz, biokütlə, geotermal, hidroelektrik vs) istifadə geniş miqyas almalıdır. Tam elektrikli nəqliyyat vasitələrindən istifadəyə keçmə prosesinin sürətləndirilməsi çox vacibdir. Yaşayış məntəqələrində, xüsusi ilə də böyük şəhərlərdə yaşıllıqlar artırılmalı, şəhərlərin kənarlarında yeni meşələr salınmalıdır.
Torpağın deqradasiyası - kənd təsərrüfatı üçün yararlı torpaqların sıradan çıxması. Torpaqların deqradasiyasının, səhralaşmanın qarşısının alınması, iqlim dəyişikliyindən qorunması məqsədi ilə dünya ölkələrində əhali və xüsusi ilə də fermerlər arasında dayanıqlı kənd təsərrüfatı, torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə dair maarifləndirmə işləri aparılmalıdır. Burda onu da qeyd etməliyik ki, meşələrdə heyvan otarılmasının qarşısının alınması və meşə ilə örtülü olmayan otlaqlardan da növbəli istifadə çox önəmlidir.
Tullantıların təsiri
Ətraf mühitə mənfi təsir göstərən başlıca səbəblərdən biri də bərk məişət tullantılarının, xüsusi ilə də plastik tullantıların düzgün idarə olunmaması ilə bağlı yaranan problemlərdir. Plastik tullantılar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də plastik tullantıların təbiətdə 100 illər ərzində çürümədən qalması və miqdarının ilbəil artmasıdır. Avropa İttifaqına üzv dövlətlərdə qablaşdırma tullantılarının təkrar istifadəsi sisteminin formalaşdırılması ilə bağlı bir çox tədbirlər görülür. Nəticədə, bu ölkələrin bəzilərində plastik qablaşdırma tullantılarının 60-70 faizi təkrar emal edilir. Hal-hazırda dünya ölkələri plastik torbaların ətraf mühitə və insan sağlamlığına mənfi təsirindən əziyyət çəkir. Bu səbəbdən artıq bir çox ölkələr, o cümlədən Azərbaycan plastik torbalara alternativ olaraq, təkrar istifadəsi və emalı mümkün olan, bioloji parçalanan materiallardan (parça, kağız vs) hazırlanan torbalardan istifadə edir. Plastik torba istehsalının azaldılması məqsədi ilə qadağaları, ödənişli istifadəni və ya vergi sistemini özündə cəmləşdirən qanunvericilik sənədləri qəbul edilir. Ancaq, zənnimizcə pərakəndə ticarət qurumlarında plastik torbaların satışından əldən olunan gəlirin, təbəti qorumaqla məşğul olan qurumlara (Ekologiya nazirliyi, meşəsalma müəssisələri, bu sahədə həqiqətən fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarına, ekoloji fondlara vs) yönəldilsə daha yaxşı nəticə əldə etmək olar. Əks təqdirdə, plastik torbaların pərakəndə ticarət qurumlarında satılması, həmin ticarət qurumları üçün əlavə qazanc mənbəyinə çevriləcəkdir.
Flora və faunaya göstərilən təzyiq - biomüxtəlifliyin, meşələrin, flora və faunanın qorunmaması. Dünyada bioloji müxtəlifliyin qorunması, o cümlədən, nadir və nəsli kəsilməkdə olan flora və fauna növlərinin mühafizəsi, qanunsuz ovun aradan qaldırılması məqsədilə bir sıra beynəlxalq razılaşmalar, konvensiyalar qəbul edilmişdir. Bioloji müxtəlifliyin mühafizəsi məqsədi ilə qorunan ərazilərin sahəsi genişləndirilməlidir. Xüsusi ilə qeyd etməliyik ki, meşələrin mövcudluğu, onların vəziyyəti və mühafizə edilməsi ekologiyanın ən mühüm məsələlərindən biridir. Meşələr, rütubəti dəniz və okeanlardan materiklərin ən ucqar nöqtələrinə çatdıran, həyatda müstəsna rol oynayan nəhəng təbii nasoslardır. Rütubət olmayan səhralarda külək yalnız dəniz istiqamətində сərəуаn edir. Ölkəmizin dağ yamaclarında meşələrin yaxşı qorunmaması, hədsiz və sistemsiz mal-qara otarılması eroziya prosesini gücləndirir, yarğanların, sürüşmələrin əmələ gəlməsinə, dağıdıcı sellərin artmasıma, bioloji müxtəlifliyin deqradasiyasına səbəb olur.
Müasir dövrdə əhalinin sürətlə artması, iqtisadiyyatın, o cümlədən, sənayenin inkişafı, insanların rifah səviyyəsinin yüksəlməsi, nəqliyyat vasitələrinə tələbatın artması, bunlara paralel olaraq enerji daşıyıcılarına olan tələbatı da kəskin şəkildə artırmışdır. Uzun müddətdir ki, dünyada əsas enerji daşıyıcısı kimi istifadə olunan kömür, neft və qaz kimi yanacaq növlərindən istifadə olunması ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Ona görə də, bərpa olunan enerji mənbələrinə maraq artmaqdadır. Beynəlxalq və regional təşkilatların hesabatları göstərir ki, enerji sistemində bərpa olunan enerji mənbələrinin payı gündən-günə sürətlə artmaqdadır.
Hal-hazırda iqtisadi, siyasi, texnoloji və digər səbəblərdən dünya əhalisinin 50%-dən çoxu şəhərlərdə məskunlaşıb və bu göstəricinin 2050-ci ilə qədər 70%-ə qədər artacağı ehtimal olunur. Bu səbəbdən qabaqcıl dünya ölkələri, beynəlxalq təşkilatların da dəstəyi ilə, artan şəhərləşmənin yol açdığı ekoloji, demoqrafik və digər problemlərin qarşısını almaq üçün iqtisadi inkişaf və ətraf mühit arasında tarazlığı qoruyan dayanıqlı inkişaf modellərini tətbiq etməyə çalışır.
Azərbaycanın təbii və coğrafi şəraitinin unikallığı, burada flora və faunanın növ müxtəlifliyinin rəngarəngliyinə imkan yaratmışdır. Yer kürəsində mövcud olan 11 iqlim tipinin 9-na Azərbaycanda təsadüf edilir. Bu amil ölkəmizdə zəngin biomüxtəlifliyin formalaşmasında mühüm rol oynayır. Biomüxtəlifliyi qorumanın yolu meşələrin qorunması, yeni meşələrin salınmasından keçir. 1 hektar meşə sahəsi 10-40 ton tozu tutaraq, onun tədricən torpağa qarışmasına səbəb olur. 1 ha meşə sahəsi yaxınlıqdakı 4 ha əkin sahəsinin məhsuldarlığını artırır. Təəssüf ki, ölkəmiz ərazisinin sadəcə 12 faizi meşə ilə örtülüdür. Bu dünya standartlarına görə çox azdır. Ona görə də mövcud meşələrin qorunması, yeni meşələrin salınması olduqca vacibdir.
Onu da, təəssüflə qeyd etməliyik ki, şəhər və rayonlarımızın əksəriyyətində, xüsusi ilə də paytaxt Bakı şəhərində, yaşıllıqlar çox azdır. Beynəlxalq Səhiyyə Təşkilatının qəbul etdiyi normaya əsasən, şəhərlər üçün yaşıllıq sahələri şəhərin ümumi ərazisinin 10%-dən az hissəsini təşkil edirsə bu aşağı göstərici, 40-60% hissəsini təşkil edərsə yüksək göstərici sayılır. Başqa sözlə, adambaşına yaşıllıq norması şəhərlərdə 9 m2-dən az olmamalıdır.
Ekoloji problemləri həll etmək üçün görülməsi vacib olan tədbirlər
İqlim dəyişmələri
Bu gün bütün bəşəriyyəti narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələri və onun fəsadlarıdır. İqlim dəyişmələrinin fəsadlarının aradan qaldırılması üçün bu tədbirlər həyata keçirilməlidir:
- Əlaqədar sahələrə (istixanalara, sənaye və nəqliyyat müəssisələrinə) nəzarət gücləndirilməlidir
- Marifləndirmə işləri aparılmalıdır. Uşaq bağçalarından tutmuş ali məktəblərə qədər bütün təhsil müəssisələrində ekologiya ilə bağlı dərslər, məşğələlər keçirilməli, ekskursiyalar, seminarlar təşkil olunmalıdır.
- Quraqlığa davamlı bitkilərin əkilməsi təşkil olunmalıdır. Abşeron bölgəsində, xüsusi ilə də Bakı və Sumqayıt şəhərləri və bu şəhərlərin ətrafında münasib bitki növlərinin əkilməsi təşkil olunmalıdır.
Torpaqların deqradasiyası
Bütün dünyanı, o cümlədən Azərbaycanı da narahat edən qlobal problemlərdən biri də torpaqların deqradasiya problemidir. Bura torpaqların eroziyası, şoranlaşma və son nəticə olaraq səhralaşma problemi daxildir. Səhralaşma isə torpağın və bitki örtüyünün deqradasiyası, onların bioloji və iqtisadi məhsuldarlığının azalması və ya tamamilə itirilməsi deməkdir. Səhralaşma zamanı məhsuldarlıq fəlakətli dərəcədə aşağı düşür, mal-qara tələf olur, su mənbələri quruyur, əkin sahələri şoranlaşır, qumluqlar yaşayış yerlərinə doğru yayılır, nəticədə yoxsulluq, aclıq və xəstəliklər baş verir.
Hazırda planetimizdə səhralaşmanın arealı çox sürətlə genişlənir. Dünyada hər bir dəqiqə ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir. İl ərzində isə bu rəqəm 6 milyon hektara çatır. Səhralaşma prosesi Azərbaycandan da yan keçməmişdir. Ölkəmizdə səhralaşma prosesi əsasən dağətəyi, düzənlik və ovalıq ərazilərdə antropogen (insan əməlinin nəticəsində) amillərin təsiri nəticəsində baş verir. Azərbaycan ərazisində səhralaşmanın arealları əsasən Abşeron yarımadası, Kür-Araz ovalığı, Naxçıvan regionlarıdır.
Belə olan halda ölkəmizdə səhralaşma ilə mübarizə istiqamətində ilk növbədə bu tədbirlər həyata keçirilməlidir:
* Səhralaşmış ərazilərin inventarlaşdırılması və xəritələşdirilməsi aparılmalıdır
* Təbii ehtiyatlardan səmərəli istifadə edilməli, otlaqlardan istifadəyə nəzarət gücləndirilməlidir
* Meliorasiya işləri aparılmalıdır. O cümlədən otlaqların fitomeliorasiyası aparılmalı, səhralaşmış ərazilərdə qumsallıqları bərkidən bitkilər əkilməlidir
* Əkinçilikdə torpaqlardan düzgün istifadə olunmalı, aqrotexniki qaydalara riayət edilməlidir
* Biomüxtəlifliyin qorunması təşkil edilməlidir
* Səhralaşmanın başladığı yerlərin yaxınlığında küləyə və quraqlığa dözümlü ağaclar əkilməli, meşələr salınmalıdır
* Səhralaşma ilə mübarizədə əhalinin və özəl biznesin gücündən istifadə edilməli və beynəlxalq əməkdaşlığın rolu artırılmalıdır
Biz nə etməliyik ?
Fərd olaraq ətrafımızı təmiz saxlamalı, zibili hara gəldi atmamalı, ağacları kəsməməli, yaşıllıqları ayaqlamamalıyıq.
Plastik qablaşdırma məhsullarından mümkün olduğu qədər az istifadə etməli, suya, işığa, ərzağa qənaət etməliyik.
İmkan olduqca ağac əkməli, ətrafdakı vəhşi quş və heyvanlara yem verməliyik.
Uşaq bağçalarından başlamaq şərti ilə bütün təhsil ocaqlarında ekoloji maarifləndirmə aparılmalıdır.
Ekologiyanı qoruma məqsədi ilə qurulan qeyri-hökümət təşkilatlarınin sayı artırılmalı və onların hökümət təşkilatları ilə koordinasiyalı şəkildə çalışmaları təmin olunmalıdır.
Dövlət qurumları ekologiyanın əsasını təşkil edən meşələri ciddi şəkildə qorumalı və yeni meşələr salmalıdır. Meşə təşkilatı genişləndirilməli və bu qurum ölkənin bütün ərazisini əhatə etməlidir.
Quruda və su hövzələrində ov işinə nəzarət gücləndirilməlidir. Bu sahədə cəzalar sərtləşdirilməlidir.
Sənaye müəssisələrinin, ekoloji şərait nəzərə alınmaqla yaradılmış sənaye mərkəzlərində (Sənaye parkları) cəmləşməsi təmin olunmalıdır.
Sənayedə, kənd təsərrüfatında və məişətdə külək, günəş, biokütlə, su vs alternativ enerji mənbələrindən istifadə artırılmalıdır. Bütün ölkə elektrikli nəqliyyat vasitələrindən istifadəyə keçməlidir.
Nəticə
Hər birimiz, özümüzdən başlamaq şərti ilə, yuxarıda qeyd etdiyimiz tədbirləri görsək, həm ölkəmizin ekoloji vəziyyətini xilas etmiş olar, həm də dünyanın ekoloji vəziyyətinə öz töfhəmizi vermiş olarıq.
Özümüz sağlam və yaxşı yaşamaq istəyiriksə, gələcək nəsillərimizə sağlam və gözəl yaşaya biləcəkləri bir dünya buraxmaq istəyiriksə, ətraf mühitimizi təmiz saxlamalı, yaşıllıqları və canlıları qorumalıyıq.
Rza Mirzadə
Sumqayıt, 03.09.2024