01/11/2026
Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sərəncam imzalayıb. Qeyd olunan sərəncamda Heyvandarlıq və Balıqçılıq Elmi Tədqiqat İnstitutunun Elm şöbəsinin müdiri Yasin Qaibqulu oğlu Gözəlov "Tərəqqi" medalı ilə təltif edilib.
Qeyd edək ki, heyvandarlıq, quşçuluq və müasir biotexnoloji üsulların tətbiqi sahəsində 35 ildən artıq elmi və praktiki təcrübəyə malik olan Yasin Qalibqulu oğlu Gözəlov uzun illərdir aqrar elmin inkişafı, elmi yeniliklərin istehsalata tətbiqi və bu sahədə mütəxəssislərin maarifləndirilməsi istiqamətində fəaliyyət göstərir.
Yasin Gözəlov 2 sentyabr 1962-ci ildə Gürcüstan Respublikasının Tbilisi şəhəri, Qardabani rayonunda anadan olub. 1981–1986-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Zoomühəndislik fakültəsində təhsil alaraq ali məktəbi fərqlənmə diplomu ilə bitirib.
Əmək fəaliyyətinə 1986-cı ildə Siyəzən Broyler Quşçuluq Fabrikində zona rəisi kimi başlayan mütəxəssis 1991-ci ilədək bu vəzifədə çalışıb. Daha sonra Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunda elmi fəaliyyətini davam etdirərək quşçuluq və ət məhsullarının texnologiyası sahələri üzrə elmi işçi kimi fəaliyyət göstərib.
İllər ərzində qazandığı təcrübə və peşəkar fəaliyyəti nəticəsində institutun müxtəlif struktur bölmələrinə rəhbərlik edən Yasin Gözəlov Genetik tədqiqatlar və biotexnoloji üsulların tətbiqi, həmçinin Elmi tədqiqatların tətbiqi və informasiya şöbələrinin müdiri vəzifələrində çalışıb. 2021-ci ildən etibarən Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun Elmi şöbəsinin müdiri vəzifəsini icra edir.
Onun elmi fəaliyyəti heyvanların genetik ehtiyatlarının idarə olunması, heyvandarlıqda müasir biotexnoloji metodların tətbiqi, heyvandarlıq məhsullarının emalı texnologiyaları və elmi tədqiqatların nəticələrinin istehsalata inteqrasiyası istiqamətlərini əhatə edir.
Yasin Gözəlov elmi-praktiki fəaliyyətini nəşrlərlə də zənginləşdirib. O, 2 kitabın, 30-dan çox praktiki tövsiyənin, 100-dən artıq elmi və publisistik məqalənin müəllifidir. Eyni zamanda, elmi yeniliklərin fermer təsərrüfatlarında tətbiqi, metodiki materialların və məlumat vərəqələrinin hazırlanması sahəsində geniş təcrübəyə malikdir.
Peşəkar bilik və bacarıqlarını bölüşməyi fəaliyyətinin mühüm istiqamətlərindən biri hesab edən mütəxəssis Kənd Təsərrüfatı Nazirliyinin “Təlimçilər üçün təlim” proqramını uğurla başa vuraraq müvafiq sertifikat əldə edib. Bu istiqamətdə fermerlərə və aqrar sahədə çalışan mütəxəssislərə məsləhət xidmətləri göstərir.
Səmərəli elmi fəaliyyətinə görə 2021-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzi tərəfindən genetik tədqiqatlar sahəsindəki xidmətlərinə görə Fəxri Fərmanla təltif olunub.
Hazırda Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutunun Elmi şöbəsinin müdiri kimi fəaliyyətini davam etdirən Yasin Gözəlov elmi tədqiqatların təşkili, müasir biotexnoloji üsulların heyvandarlıqda tətbiqi və aqrar sahənin informasiya təminatının gücləndirilməsi istiqamətində öz bilik və təcrübəsini bölüşür.
Onun 35 ildən artıq elmi-praktiki fəaliyyəti aqrar elmin inkişafına, heyvandarlıq sahəsində innovativ yanaşmaların təşviqinə və elmi biliklərin praktikada tətbiqinə xidmət edir.