13/08/2026
Lənkəranda “Gənclər Azərbaycanın sabahıdır” adlı tədbir keçirildi
Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin, Lənkəran Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) və Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) Lənkəran-Astara regional nümayəndəliyinin birgə təşkilatçılığı ilə 12 Avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Gənclər Azərbaycanın sabahıdır” adlı tədbir keçirildi.
Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın azadlığı, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Aygün Əkbərova açaraq Beynəlxalq Gənclər Gününün əhəmiyyətindən, gənclərin ölkənin ictimai həyatında fəal iştirakının vacibliyindən söz açıb. Eləcə də o, prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, onların təhsil, elm, mədəniyyət və digər sahələrdə inkişafı üçün yaradılan imkanlardan danışıb.
Daha sonra Lənkəran MKS-nin Kitabişləmə şöbəsinin müdiri Aytən Hüseynova, GİKM-in Lənkəran-Astara regional nümayəndəliyinin rəhbəri Famil Məmmədov, tanınmış ziyalı, rejissor və qiraətçi Cəfər Fətullayev, Lənkəran MKS-nin Boladı kənd 1 saylı kitabxana filialının müdiri Könül İsmayılova çıxış ediblər.
Çıxışlar zamanı gənclərin milli-mənəvi dəyərlərə bağlı, savadlı, vətənpərvər və cəmiyyətə fayda verən şəxsiyyət kimi formalaşmasının vacibliyi vurğulanıb.
Tədbir çərçivəsində müxtəlif tədbirlərdə fəal iştirak edən, ictimai-mədəni fəallığı ilə seçilən bir qrup gənc 12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə fəxri fərmanlarla təltif olundu.
Sonda tədbir iştirakçıları xatirə şəkli çəkdiriblər.