12/09/2022
Bu gün dövlət xadimi və yazıçı, Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı İmperatorluğundakı ilk səfiri Yusif Vəzir Çəmənzəminlinin doğulduğu gündür. Şuşada dünyaya gələn, əsl soyadı Vəzirov olan Yusif bəy necə olub ki, Cənubi Azərbaycanda yerləşən Çəmənzəmin şəhərinin adını özünə təxəllüs seçib? O, hələ uşaq ikən Cənubi Azərbaycanın Çəmənzəmin kəndindən qaçaraq Şuşaya pənah gətirmiş və həyətlərində sığınacaq tapmış üç qardaş ilə mehriban münasibətdə olmuşdur. Yusif Vəzir ağır xəstələnərkən həmin qardaşlar ona köməklik edir, sağalması üçün maddi yardım edirlər. Yusif Vəzirin "Çəmənzəminli" təxəllüsünü qəbul etməsi onun həmin ailəyə bəslədiyi hörmətdən irəli gəlir. Yusif Vəzirov “Çəmənzəminli” təxəllüsündən 1911-ci ildən etibarən istifadə etməyə başlamışdır. Yusif Vəzirov 1904-cü ildən etibarən öz kimliyini gizli saxlamaq üçün ən az 15 təxəllüsdən istifadə etmişdir. Çox zaman onun seçdiyi təxəllüslər simvolik xarakter daşıyırdı. “Bədbəxt”, “Haqq tərəfdarı”, “Müsavi”, “Stradayuşiy”, “Sərsəm”, Əli Xan Çəmənzəminli, Mir Yusif Vəzirov və s. onun istifadə etdiyi təxəllüslər idi.
Yusif Vəzir Çəmənzəminli "Qızlar bulağı", "Studentlər", "1917-ci il", “İki od arasında”, “Altunsaç” və s. əsərlərin müəllifidir. Ədibin “Əli və Nino” əsərinin müəllifi olduğunu iddia edənlər də var.
Stalin repressiyası Y.V.Çəmənzəminlidən də yan keçməmişdir və o, sürgün olunduğu Nijni-Novqorod şəhərində vəfat etmişdir. Ədibin ailəsi hal-hazırda Azərbaycanda yaşamaqdadır. Oğlu Orxanın qızı - Yusif Vəzir Çəmənzəminlinin nəvəsi Leyla Vəzirova Azərbaycan Dövlət Pedaqoji Universitetinin professorudur.
Allah rəhmət eləsin!
Leyla Faiqqızı
Filologiya elmləri üzrə fəlsəfə doktoru