10/08/2026
🌍 Məlumat mərkəzləri və təmiz su: rəqəmsal həyatımızın əsl qiyməti nədir?
Süni intellekt təbiəti daha yaxşı öyrənmək və qorumaq üçün güclü vasitəyə çevrilir. Məsələn, AI və böyük məlumatlar meşələrin qırılmasını izləməyə, vəhşi heyvanları monitorinq etməyə, biomüxtəlifliyi araşdırmağa və su ehtiyatlarındakı dəyişiklikləri müəyyən etməyə kömək edir.
Lakin burada mühüm bir sual yaranır: AI-nin özü nə qədər resurs tələb edir?
Hər dəfə onlayn video izlədikdə, süni intellektdən istifadə etdikdə və ya fayllarımızı buludda saxladıqda, dünyanın müxtəlif yerlərində minlərlə server işləyir.
Bu rəqəmsal dünyanın çox danışılmayan tərəflərindən biri isə enerji və su istehlakıdır. 💧⚡
Məlumat mərkəzlərində minlərlə server fasiləsiz işləyərək böyük miqdarda istilik yaradır. Bəzi soyutma sistemlərində bu istiliyin qarşısını almaq üçün əhəmiyyətli həcmdə sudan istifadə olunur. Buxarlandırıcı soyutma zamanı suyun bir hissəsi buxara çevrilərək atmosferə buraxılır.
Bundan əlavə, dövriyyədə qalan suyun tərkibində duzların, mineralların və suyun təmizlənməsi üçün istifadə olunan kimyəvi maddələrin konsentrasiyası arta bilər. Bu isə düzgün idarə edilmədikdə su ehtiyatlarına və kanalizasiya sistemlərinə əlavə yük yarada bilər.
⚠️ Xüsusilə su çatışmazlığı, quraqlıq və yeraltı su ehtiyatlarının azalması ilə üzləşən bölgələrdə bu məsələlər daha diqqətlə nəzərə alınmalıdır.
Daha dayanıqlı həllər isə mümkündür:
🔹 Suyun dəfələrlə dövriyyəyə qaytarıldığı qapalı soyutma sistemləri;
🔹 İçməli su əvəzinə təmizlənmiş tullantı sularından istifadə;
🔹 Daha az su tələb edən hava əsaslı soyutma sistemləri;
🔹 Daha enerji səmərəli server və hesablama texnologiyalarından istifadə;
🔹 Məlumat mərkəzlərinin yerləşdirilməsi zamanı su, enerji və ekosistemlərə mümkün təsirlərin əvvəlcədən qiymətləndirilməsi.
WWF-nin yanaşmasına görə, süni intellekt təbiətin qorunması üçün güclü bir vasitə ola bilər. Lakin AI-nin inkişafı özü də daha dayanıqlı olmalıdır. Başqa sözlə, biz həm “AI for Green” — təbiət naminə AI-dan istifadəni, həm də “Green AI” — AI-nin öz ekoloji izinin azaldılmasını düşünməliyik.
Məsəlumat mərkəzləri müasir texnologiyaların və süni intellektin inkişafı üçün vacibdir. Əsas sual isə onların olub-olmaması deyil, harada tikilməsi, hansı resurslardan istifadə etməsi və ətraf mühitə təsirinin necə idarə olunmasıdır.
Texnologiya müxtəlif yollarla və müxtəlif məkanlarda inkişaf etdirilə bilər.
AI təbiəti daha yaxşı anlamağımıza və qorumağımıza kömək edə bilər. Gəlin əmin olaq ki, onun inkişafı təbiət üçün yeni problemlər yaratmır. 🌱💧